"Azərişıq" abunəçilərə xidməti daha da asanlaşdırır

"Azərişıq" "Facebook" və "Instagram" vasitəsi ilə xidmətlərini daha da asanlaşdırır
Sputnik

BAKI, 22 iyun — Sputnik. "Azərişıq" "Facebook" və "Instagram" vasitəsi ilə xidmətlərini daha da asanlaşdırır. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, abunəçilərə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN "xidmət" vasitəsi ilə həyata keçirilən işlərin operativliyi məqsədi ilə "Azərişıq" ASC-nin sosial şəbəklərdə yeni səhifələri fəaliyyətə başlayıb. 

"Azərişıq" rəhbəri prezidentə məruzə edib

"Azərişıq" ASC-nin sözçüsü qeyd edib ki, artıq "Facebook"da və "Instagram"da "Azerishiq.az" adlı səhifələr yaradılıb: "Bu səhifələrdə "Azərişığ"ın "ASAN "xidmət" vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər yer alacaq".

T.Mustafayev əlavə edib ki, sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs "Azərişığ"ın sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər.

"Qurumun Perspektiv inkişaf və "ASAN xidmət"lə iş idarəsinin yaratdığı səhifələrdə yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək", — deyə sözçü vurğulayıb.