CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideynlərin əli ürəyinin üstündə qalıb: Bundan sonra övladımı bağçaya aparım, ya yox?

İşləyən insanlar uşaqlarını bağçaya aparmağa məcburdurlar, amma ürəkləri də övladlarının yanında qalır
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Ötən günlərdə mediada özəl bağçaların birində tərbiyəçinin dörd yaşlı uşağa qarşı zorakılıq etdiyini əks etdirən video-görüntülər yayıldı. Həmin videodan sonra bir çox valideynlər sosial şəbəkələrdə uşaq bağçaları haqqında müxtəlif fikirlər bildirdilər. Üstəlik sözügedən tərbiyəçi tutuldu və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildi.

Ölkə gündəmi silkələndi, yenə yaralı yerimiz göynədi

Sputnik Azərbaycan bu xoşagəlməz hadisədən sonra elə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. İstifadəçilərə, "Övladınızı etibar etdiyiniz özəl və ya dövlət bağçasında uşaqlara qarşı zorakılığın şahidi olmusunuz? Belə hallarla qarşılaşdıqdan sonra övladlarınızı bağçaya qoyarsınız?" sualları ünvanlanıb. Sorğuda iştirak edənlərin verdiyi cavabları olduğu kimi təqdim edirik:

Leyla Abdullayeva: "Mən bağçada uşaqlara qarşı zorakılıq görməmişəm. Amma məlum hadisədən sonra artıq qızımı bağçaya qoymağa ehtiyat edirəm. Qızımın getdiyi bağçada qidaların keyfiyyətindən narazıyam, amma tərbiyəçilərdən və texniki işçilərdən razıyam. Etiraf edim ki, artıq övladımı bağçaya göndərəndə nigaran qalıram".

Nərmin Abdullayeva: "Qardaşım oğlu 4 il öncə bağçadan qayıdanda gördük ki, üz nahiyəsində şillə izi var. Uşaqdan üzünə nə olduğunu soruşduq. Öyrəndik ki, bağçada müvəqqəti aşpaz işləyən Günay adlı qadın ona şillə vurub. Səbəb isə uşağın o qadının əmisi nəvəsi ilə dalaşması olub. Ən dəhşətlisi isə odur ki, kənd bağçalarında belə hallar dəfələrlə təkrarlanır".

Aygün İlqarqızı: "Əslində, mən uşağa yaxşı dayə tutmağın tərəfdarıyam. Qızımın 6 aylığından dayəsi var idi. Rahat idim, evə gəlirdi. Amma son 1 ilə yaxındır ki, bağçaya gedir. Bir ildə iki bağçada olub. İndiki bağçanın kameraları olduğu üçün çox razıyam. Bir bağçaya getmişdim, dövlət bağçası idi. Azərbaycanda çox məşhur bağçalardan biri idi. Bağça iki yerə bölünmüşdü. Varlıların uşağı və kasıbların uşağı. Hətta girişlər də ayrı idi. Varlılar ayda 140 manat ödəyirdilər, kasıblar isə pul vermirdilər".

Uşaq bağçasında yaşanan qalmaqal parlamentə daşındı

Orxan Kərimov: "Azərbaycanda bağçalara nəzarət çox aşağı səviyyədədir. Məlum hadisə bunu bir daha sübut etdi. Hələ bu, üzə çıxan kadrlar idi, bəlkə də digər bağçalarda uşaqların başına daha betər oyun açırlar. Müasir internet dövründə yaşayırıq. Bağçada hər otaqda kamera olmalıdır ki, hər bir valideyn internetə girib, canlı şəkildə bağçada baş verən prosesi izləyə bilsin".

Elyar İslam: "Yaxın qohumum uşaqlarını Nərimanovda yerləşən uşaq bağçalarından birinə qoymaq istəyirdi. Mən də onlarla bərabər bağçaya getdim. Əvvəl 400 manat istəsələr də, iki qardaşı eyni vaxtda bağçaya qoyacaqdıq deyə uşağın birini 300 manatdan razılaşdılar. Razılaşdıq ki, əvvəlcə uşağın birini qoyaq, sonra da o birini. İlk gün uşağın anası uşaq ağladığı üçün yanında qalmalı oldu. Heç bir saat keçmədi ki, uşaqların anası uşağı bağçaya qoymaqdan imtina etdi. Məlum oldu ki, bağçada otaqlar xeyli nəmişlikdir, dəcəl uşaqları siçovul ilə qorxudurlar. Bir qaşıqla eyni kasadan bir qrupdakı uşaqların hamısına yemək yedizdirilir. Təsəvvür edin ki, qrip, hər hansı yoluxucu xəstəliyin daşıyıcısı olan uşaqlar olanda vəziyyət necə olurmuş. Bu hadisə cəmi bir il əvvəl baş verib".

Nazim Babayev: "Bağçaların vəziyyəti bərbaddır. Qardaşım oğlu pampersdən hələ çıxmamışdı. Valideynləri onu bağçaya qoyub işə gediblər. Bir neçə saatdan sonra bağçadan uşağın anasına zəng ediblər ki, uşağın pampersi doldurub, gəl özün dəyiş. Hələ bu, xatırladığım bir məqamdır. Sadəcə valideynlər işləyirlər deyə məcburdurlar uşaqları bağçaya getsin. Əks halda, heç qoymazlar".