İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 21 iyun — Sputnik. Qazaxda az adamın tanıdığı bir məkan var. Hansı ki, kənardan heç bir xüsusiliyi ilə seçilmir, ilk baxışdan atılmış yer təsiri bağışlayır. Əvvəllər hansı idarənin balansında olduğu, hansı təşkilatın adını daşıdığı belə, yaddan çıxmış bu məkan hazırda orada işləyən adamın adı ilə — Ramizin emalatxanası deyə tanınır.
Onlarla fundamental abidələrin, heykəl və barelyeflərin müəllifi, yaratdıqları ilə insanları düşünməyə məcbur edən rəssam-heykəltəraş Ramiz İsmi-Qaya burada işləyir. 70 yaşı olmasına baxmayaraq, yaratmaq eşqi ilə qaynayan, lakin yaratmaq istədiklərinin eskizlərinə ürək ağrısı ilə baxa-baxa, kiçik işlər, suvenirlər düzəltmək məcburiyyətində qalan, hazır olduqdan sonra isə satmayıb hədiyyə edən Ramiz İsmi-Qaya.
Onun haqqında yazmaq, Ramiz İsmi-Qayanı adi insan kimi təqdim etmək mənimçün o qədər də asan deyil. Bəlkə də müsahibə üçün dəfələrlə ayaq döyməyim və nəhayət ki, düz bir il sonra ala bildiyim icazənin verdiyi məsuliyyət qoymur onu adi sözlərlə oxucuya çatdırmağa. Yaxud da, "gəl, get, gözəl söhbətlər edək, danışaq, amma bu yazı-pozunu məndən uzaq elə" deyən insanın böyük mənəvi dünyasını bir yazıya sığdırmaq qorxusu mane olur.
Ramiz Məmmədov (İsmi-Qaya) 1947-ci ildə Qazaxda anadan olub. Kiçik yaşlarından rəssamlığa maraq göstərib, 9-cu sinifdə oxuyanda, paralel olaraq pioner evində incəsənət, rəssamlıq üzrə dərnək rəhbəri işləyib. Heykəltəraşlığın klassiklərindən olan Cəlal Qaryağdıoğlu Qazaxa gələrkən onun istedadına heyran olub və Ramiz Məmmədovu özü ilə Bakıya aparıb.
Bakıda Tokay Məmmədov, Fuad Əbdürəhmanov, Pinxos Sabsay və digər böyük sənətkarlarla birgə həm işləyib, həm də öyrənib. Təhsilini davam etdirmək üçün V.S.Serov adına Leninqrad rəssamlıq məktəbinə (hazırda N.K.Rerix adına Sankt-Peterburq rəssamlıq məktəbi) qəbul olub. Təhsilini bitirdikdən sonra Rusiyada qalıb işləmək təkidlərinə rəğmən, "mən öz qabliyyətimi, bacarığımı öz balalarımıza öyrətmək istəyirəm"- deyərək vətənə dönüb.
Onun Azərbaycana dönüşü heç də nəticəsiz olmayıb. Gördüyü işlərlə Qazax ən çox heykəllər olan rayona çevirib. Bundan başqa bütün qərb bölgəsində, Sumqayıtda, Bakıda böyük abidələr ucaldıb, kompozisiyalar yaradıb. Lakin həmin gözəl günlər elə keçmişdə də qalıb.
Sənətkarın hazırkı durumu işsizlik və imkansızlıq ucbatından heç də ürəkaçan deyil. Uzun illərdir çalışdığı emalatxanada belə, özünü qonaq kimi hiss edir. Əlində, rəssam və heykəltəraşların istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi barədə mərhum prezident Heydər Əliyevin 19 iyun 2003-cü il tarixli 1251 nömrəli sərəncamı olmasına baxmayaraq, kiçik emalatxanasını öz adına keçirə bilmir.
Böyük əsərlərin alıcı problemi olduğu üçün, hazırda dastanlarımızı, tariximizi özündə canlandıran suvenirlər hazırlamaqla məşğul olur. Hər biri suvenirdən daha böyük anlam daşıyan kompozisiyalar yaradır. Sənətkar, "bu yaşımda bazarda suvenir sata bilmərəm" — deyərək, gəlir gəlməsə belə, böyük dəyərlərə malik eskizlər yaratmağa önəm verir. Böyük təxəyyülün, düşüncənin məhsulu olan bu eskizlərin nə vaxtsa abidəyə çevriləcəyinin təsdiqini gözləyir uşaq sadəlövhlüyü ilə.
Bütün bunlarla belə, maddi çətinlikdən gileylənmir Ramiz İsmi-Qaya. "Biz böyük sənət əsərlərindən, yaradıcılıqdan, xalqımızın gələcəyindən danışmalıyıq, amma biz heç onlara yaxınlaşmırıq belə" — deyir.
Öz bacarığını, qabiliyyətini balalara öyrətmək istədiyini bildirir. Keçdiyimiz ictimai formasiyalardan, keçidlərin törətdiyi fəsadlardan, kataklizmlərdən, bu kataklizmlərin dəyərlərimizə, gənclərimizə, gələcəyimizə təsirlərindən danışır. Övladlarımızı daha vətənpərvər, daha dəyərli yetişdirmək lazım olduğunu yana-yana anlatmağa çalışır. İncəsənət insanlarının mənəviyyat insanları olmasını izah edir. Özünün bu izaha ehtiyacı olmasa belə.
P.S.
Görüşlərimizin birində qonşu rayonda yubileyi yaxınlaşan nüfuzlu şəxsin heykəlinin bərpasından qayıtmışdı. Telefonda dostuna orada baş verənləri, heykəli bərpa edib cilalamaq üçün danışıb razılaşdığı 300 manatlıq işi, iş qurtarandan sonra 200-ə endirən məmurla dialoqunu danışırdı. Deyirdi ki, işlətdiyi ləvazimatların 100 manatdan da baha olmasına baxmayaraq, qalstuklu buyruq qulu onun üzünə durub, "çox baha işləyirsən, al bu 200 manatı, bəsindir" – deyib. O isə 100 manatı götürüb, 100-nü də qaytarıb "məmurcuğun" özünə.
Bunları dostuna yarı qəhər, yarı fərəh hissi ilə anladırdı. Telefonla danışdıqca o pula necə ehtiyacı olmasını deməsə də, gözlərinin dərinliklərində, səsinin titrəyişində imkansızlığın böyük əziyyətləri oxunurdu. Lakin üzündəki ifadədən, duruşundakı vüqardan, etdiyi əməldən aldığı mənəvi zövq, fərəh daha aydın görünürdü. Beləcə, insan taleyinin ən ağrılı və ən vüqarlı əsəri canlanırdı gözlərim qarısında.