Azərbaycan Ordusu Günnüt kəndini işğaldan belə azad etdi - VİDEO

Kəndin ermənilərdən azad olunmasına dair video yayılıb
Sputnik

BAKI, 20 iyun — Sputnik. Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.

Sputnik Azərbaycan həmin videonu təqdim edir.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə daha əvvəl Nuhçıxan informasiya agentliyinə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Xatırladaq ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.