BAKI, 20 iyun — Sputnik. Ümumdünya Qaçqınlar Günü — BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.
BMT-nin açıqlamasına görə, hazırda dünyada 65.5 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.
Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.
Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Axısqa türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.
BMT-nin açıqlamasına görə dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə — Pakistan, İran və Suriyaya aiddir.
Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.
Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə, təqiblərə məruz qalır.