CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanımıza işləyən zəhər: Hər gün yandırıb ciyərimizə çəkirik

"Qanun icazə vermir ki, məişət tullantıları açıq havada yandırılsın"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Tez-tez Bakı ətrafı qəsəbələrdə və kəndlərdə — Balaxanı, Zabrat, Hövsan və s. zibilliklərdə qalaqlanmış tullantıların yandırılması halları ilə qarşılaşırıq. Uzun müddət daşınmayan zibilliklər çox vaxt elə ərazi sakinləri tərəfindən yandırılır. Yandırılma prosesi zamanı ayrılan zərərli maddələr ətraf mühitə yayılır. Havaya qarışan tüstü, qoxu insan və digər canlı orqanizmlər üçün təhlükə mənbəyinə çevrilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, məişət tullantıların yandırılması qeyri-qanunidir: "Qanun icazə vermir ki, məişət tullantıları açıq havada yandırılsın. Tullantılar ancaq qapalı şəraitdə, xüsusi texnologiya ilə yandırıla bilər".

Zibil qutusundan təyinatı üzrə istifadə etmədi, ələ keçdi

ETSN rəsmisi onu da bildirib ki, məişət tullantıları yanarkən kanserogen tipli, yəni zəhərli kimyəvi birləşmələr olmur: "Məişət tullantıları yandırılan zaman daha çox karbon qazı ayrılır. Bu tüstü ilə müşayiət olunur. Belə tüstü digərlərindən fərqli olaraq sadəcə insanda rahatsızlıq yaradır. Bu tüstünün insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. Çünki yanan üzvi maddələrdir. Məişət tullantıları tamamilə və alovlu yanırsa, qısa bir müddətdə öz təsirini itirir. Tüstüləmə dövründə ayrılan karbon monoksidlər qıcıqlandırıcı təsirə malik olur".

Ekoloq Vaqif Əliyev isə qeyd edib ki, ilk baxışdan təhlükəsiz sayılan məişət tullantıları — polietilen paketlər, su qabları yandırılaraq məhv edildikdə tərkibindən dioksinlər, furanlar və befinillər ayrılır: "Onlar da kanserogen, terotegen, embiriogen xassəyə malikdir. Ən güclü zəhər isə tetraxlordibenzo-para-dioksindir. Oksigen olmadıqda bu birləşmələr asanca dioksinlərə çevrilə bilən befinillər sinfinə aid olur. Dioksinlər isə çox dayanıqlı ksenobiotiklərdir, yəni canlı orqanizmlər üçün arzuolunmaz maddələrdir".

"Onlar canlı orqanizmin hüceyrələrinin nüvəsinə asan nüfuz edir. Nüvənin daxilində bir tərəfdən hormonları, vitaminləri, və s. çox asan dağıdırlar, digər tərəfdən də kanserogenləri, neyrotoksiki zəhərləri aktivləşdirirlər. Hətta bir çox təhlükəsiz birləşmələri belə çox zəhərli birləşmələrə çevirirlər. Görünür, dioksinlərlə zəhərlənmiş orqanizmlərin təbiətin, fiziki, kimyəvi, bioloji stress təsirlərinə çox yüksək həssaslıq göstərməsi bununla izah olunur" — V.Əliyev əlavə edib.

Ekoloqun sözlərinə görə, kiçik dozalarla xroniki zəhərləndikdə insanlarda rahatsızlıq, iş qabiliyyətinin zəifləməsi, avitaminoz, immun zəifliyi, əsəb, psixi fəaliyyətin və reproduktiv funksiyaların pozulması müşahidə olunur.