HADİSƏ

Yaponiyada güclü zəlzələ oldu, həlak olanlar arasında uşaqlar var

Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə qərargah yaradıb
Sputnik

BAKI, 18 iyun — Sputnik. Yaponiyanın cənubundakı Osaka prefekturasında baş verən zəlzələ zamanı 3 nəfər həlak olub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Onların arasında Takasuki şəhərində divarın arasında sıxılıb həlak olmuş doqquz yaşlı qız da var. Osaka və Xiqasiyodoqava şəhərlərində daha iki kişi həyatını itirib. Daha 37 nəfər isə yaralanıb.

Qeyd edək ki, 6,1 ballıq zəlzələ bazar ertəsi səhər saatlarında baş verib. Zəlzələnin episentri Osaka prefekturasının şimalında, onun ocağı isə 13 km dərinlikdə olub.

Zəlzələyə görə dəmir yolu ilə hərəkət dayanıb. Osaka hava limanında reyslər təxirə salınıb. Osaka və Xöqo prefekturalarında 170 minə yaxın ev elektriksiz qalıb.

Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə qərargah yaradıb.