BAKI, 18 iyun — Sputnik. Erməni general Manvel Qriqoryanın bağ evində aparılan axtarışların nəticələri hamını şoka salıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat və general, Qarabağ müharibəsinin qəhrəmanının evində aparılan xüsusi əməliyyatın görüntülərini yayımlayıb.
İyunun 16-da Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Aparılan axtarışlar zamanı MTX əməkdaşları xeyli sayda silah və sursat aşkarlayıb.
Ermənistan baş naziri Nikol Paşinyan generalın saxlanılması barədə məlumatı şərh edərkən qeyd edib ki, bu yalnız aşkarlanan silahlarla bağlı deyil. General həmçinin aprel müharibəsi zamanı yığılan yardımın mənimsənilməsi və oğurlanmasında da şübhəli bilinir.
Belə ki, Ermənistan MTX-i tərəfindən yayımlanan videoda əsgərlər üçün nəzərdə tutulan və uşaqlar tərəfindən göndərilən ərzaq və məktublar da görünür.
Axtarış zamanı xeyli sayda retro avtomobillər də daxil olmaqla xeyli sayda nəqliyyat vasitələri aşkarlanıb.
Qeyd edək ki, Qriqoryan 2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini də olub.