RUSİYA

Azərbaycanlılar xəsarət aldı, Sobyanin məsələni nəzarətə götürdü

Moskvada avtomobilin piyadalara çırpılması nəticəsində 2 Azərbaycan vətəndaşı yaralanıb
Sputnik

BAKI, 17 iyun — Sputnik. Moskvanın mərkəzində "Çekpoint" şirkəti üçün taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı var. Həkimlərin dediklərinə görə, bir qadın istisna olmaqla, digər xəsarət alanların vəziyyəti stabildir.

Moskva meri Sergey Sobyanin hadisəni nəzarətə götürdüyünü bildirib.

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Sürücü öz hərəkətini yuxulu olması ilə izah edib. O, 20 saat ərzində istirahət etmədən maşın sürdüyünü, buna görə də hadisə anında çaşıb əyləc əvəzinə qaza basdığını deyib.

Fakt üzrə araşdırma davam edir.