İQTİSADİYYAT

Baş nazir: “Bakının “EXPO 2025” sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur”

Baş nazir Novruz Məmmədov deyir ki, Azərbaycanın irəli sürdüyü mövzu, bu mövzu ətrafında qaldırılan məsələlər olduqca əhəmiyyətlidir
Sputnik

Novruz Məmmədov: “Belə bir tədbirdə Azərbaycanın iştirakı böyük hadisədir”
İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.

Sputnik Azərbaycanın məlumatına görə, təqdimatdan sonra jurnalistlərə açıqlama verən Baş nazir, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Novruz Məmmədov üç namizəd şəhərin təqdimatı arasında Azərbaycanın təqdimatı daha uğurlu, maraqlı və perspektivli olduğunu bildirib.

“Ölkəmizin irəli sürdüyü mövzu, bu mövzu ətrafında qaldırılan məsələlər olduqca əhəmiyyətlidir və diqqəti daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, ölkəmizin seçilmək şansı daha çoxdur. Bu il noyabrın 22-si və 23-də səsvermə mərhələsi olacaq. İnanıram ki, səsvermə Azərbaycan üçün uğurlu olacaq. Ümumiyyətlə, belə bir mühüm tədbirdə Azərbaycanın iştirakının özü elə böyük hadisədir”.

Azərbaycan milli pavilyonla ilk dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Azərbaycan daha sonra “Antalya Expo 2016” və “Astana Expo 2017” beynəlxalq sərgilərində təmsil olunub. 

Baş nazirin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz