BAKI, 16 iyun — Sputnik. Bayram günü Azərbaycanın daxili işlər orqanları tərəfindən 91 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
İyunun 15-də ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.