Daha bir ərəb ölkəsi məğlubiyyət acısı yaşadı

Ektor Kuper: "Bilirdik ki, qabaqda bizi çətin oyun gözləyir və xeyli istirahət etmişdik"
Sputnik

BAKI, 15 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatının növbəti oyununda, A qrupundakı ilk turun son matçında Uruqvay və Misir yığmaları qarşılaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Yekaterinburq şəhərinin mərkəzi stadionda baş tutan qarşılaşmada Uruqvay milli komandası 1:0 hesabı ilə qalib gəlib. Belə ki, oyunun 89-cu dəqiqəsində cərimə zərbəsindən ötürülən topa Xose Maria Ximenes başla dəqiq zərbə endirib.

Ruslar dünyanı təəccübləndirdilər: Fantastik başlanğıc

Misir yığma komandasının baş məşqçisi Ektor Kuper qarşılaşmadan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti belə dəyərləndirib: "Ramazan ramazandır. Onun oyuna təsir etdiyini söyləmək çətin məsələdir. Bu, bugünkü matç üçün bəhanə deyil. Yenə də, bütün misirli oyunçular artıq çoxdan buna öyrəşiblər. Bilirdik ki, qabaqda bizi çətin oyun gözləyir və xeyli istirahət etmişdik".

Qeyd edək ki, Rusiyada futbol üzrə 21-ci dünya çempionatının açılış mərasimi keçirilib. Açılış mərasimi Moskvanın "Lujniki" stadionunda baş tutub. Təntənəli açılış mərasimində dövlət və hökumət rəhbərləri, eləcə də FİFA rəhbərləri iştirak ediblər. Açılış mərasimində Rusiya Federasiyası prezidenti Vladimir Putin çıxış edib.

Açılış oyununda çempionat sahibi Rusiya komandası ilə Səudiyyə Ərəbistanı yığması üz-üzə gəlib. Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb. Amma çempionatın autsayderlərindən sayılan Rusiya millisi gözlənilmədən güclü oyun nümayiş etdirib və 5:0 hesablı qələbə qazanıb. Qolları Yuri Qazinski (12), Denis Çerışev (43, 90+1), Artyom Dzyuba (71), Aleksandr Qolovin (90+4) vurublar.

Oyundan bir gün əvvəl Rusiyanın Yekaterinburq şəhərinin müsəlman icması Misir yığmasının futbolçularını Ramazan bayramını birlikdə qeyd etməyə dəvət ediblər. Misirlilər oyuna hazırlıq səbəbindən dəvəti cavabsız qoyublar.