Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib
Sputnik

BAKI, 14 iyun — Sputnik. İyunun 9-na keçən gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bidirilib ki, daxil olmuş məlumatla əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə "VAZ-21015" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.