CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Rang Rover-lə 2 nəfəri öldürən polis saxlanılıb

Bakıda iki sürücü qəzada adam öldürüb və hər ikisi qaçıb gizlənib
Sputnik

BAKI, 14 iyun — Sputnik. Polis serjantı Rang Rover markalı avtomobili ilə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, iyunun 12-də Bakının Binəqədi rayonunda Range Rover və Ford markalı avtomobillər toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində "Ford"un sürücüsü Rahib Əliyev və sərnişini ölüb. Range Rover-in sürücüsü isə hadisə yerindən qaçaraq gizlənib. Lakin rayon polis şöbəsinin əməkdaşları tezliklə qəzanın günahkarının şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, o, Abşeron rayon Polis İdarəsinin əməkdaşı, serjant Xəyal Məmmədovdur. Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Polis əməkdaşı istintaq-əməliyyat qrupu hadisə yerinə çatana qədər oranı tərk etdiyi üçün, bu, onun cinayət işində ağırlaşdırıcı hal kimi nəzərə alınıb.

Faktla bağlı cinayət işi açılıb və rayon prokurorluğuna göndərilib.

Analoji cinayət sıravi vətəndaşın iştirakı ilə Qaradağ rayonu ərazisində baş verib. Bu barədə Sputnik Azərbaycan-a AR DİN Mətbuat Xidməti məlumat verib. Yol-nəqliyyat hadisəsi 9 iyun saat 02:00-da Sahil qəsəbəsi ərazisində baş verib. VAZ-21015 markalı avtomobil piyadanı — sözügedən qəsəbə sakini Nəriman Məmmədovu vurub. Sonuncu hadisə yerindəcə ölüb, qəzanı törədən sürücü isə qaçıb gizlənib. Araşdırma zamanı qəzanın səbəbkarının şəxsiyyəti müəyyən edilib. Onun Bakı sakini Səlim Səfərov olduğu üzə çıxıb. Səfərov saxlanılıb və onun haqqında cinayət işi açılıb.