TƏHLİL

"Azərbaycanı Rusiya və İran əleyhinə yönləndirmək istəyirlər"

Zahid Oruc: "Bu addım yalnız və yalnız Birləşmiş Ştatların özünün maraqlarına zərər vurar"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. "Müşahidələrim göstərir ki, bizim ölkəmizdən kimsə nəsə istəyəndə "demokratiya damarı" tutur. Azərbaycanla sanksiyalar dilində danışmağı yanlış sayıram. Bu addım yalnız və yalnız Birləşmiş Ştatların özünün maraqlarına zərər vurar".

Bunu Sputnik Azərbaycan-a Birləşmiş Ştatların Azərbaycana qarşı sanksiya tətbiq etmək ehtimalını dəyərləndirərkən, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti Konqresin Helsinki Komissiyasından özünə qarşı heç vaxt rəğbət və ehtiram görməyib.

"Biz bu qurumdan yalnız diskriminativ davranışlar, ölkə hakimiyyəti əleyhdarlarının maliyyələşdirilərək orada tribuna verilməsi və ABŞ hökuməti üçün həmin qurum tərəfindən hazırlanan mənfi yüklü qətnamələrin şahidi olmuşuq. Ona görə də siz mənə sual verərkən qətiyyən təəccüblənmədim. Bu, artıq insanlarımızda immunitet yaradıb. Beynəlxalq təşkilatlar, xüsusilə də özünü öyən dövlətlər demokratik prinsipləri, ölkələrin daxili həyatını və regional situasiyanı, onların tarixi keçmişini, keçdiyi yolu adekvat dəyərlərindirmək imkanından özlərini kənara qoyaraq açıq-aşkar öz maraqlarına uyğun və müxtəlif təzyiq metodları ilə dövlətləri əldə saxlamağa xidmət edən addımlar atır, strategiyalar qururlar" — Z.Oruc bildirib.

O, qeyd edib ki, Azərbaycanda dini azadlıqlara verilən qiyməti yalnız ölkə rəhbərliyindən, yaxud da siyasi qüvvələrdən eşitmək lazım deyil: "Hətta burada yaşayan müxtəlif dini etiqad daşıyıcıları arasındakı harmonik münasibətləri də kənara qoyuram. Sadəcə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, konfranslara nəzər salmaq kifayətdir. Bütün dünya şahiddir ki, Azərbaycanda dünyanın digər ərazilərindən fərqli olaraq dini ayrı-seçkilik zəminində heç kimə basqı edilmir. Ona görə də Azərbaycanda digər dindən olan şəxslərə qarşı ayrı-ayrı lokal, məhdud sayda, xüsusilə də digər dövlətlər tərəfindən yönləndirilən və dinin ixracını nəzərdə tutan insanlara qarşı davranışları gətirib Azərbaycandakı dini durumun mənfi imici kimi təqdim etmək yanlışdır".

Millət vəkili hesab edir ki, Konqres tərəfindən sözügedən qətnamə qəbul edilməyəcək, sanksiyalar tətbiq olunmayacaq: "Belə qətnamələr fərdi təşəbbüslərdir və müəyyən mərhələyə qədər gələcək. Bunların hamısı Azərbaycana qarşı təzyiq vasitəsi, ölkənin xarici siyasətinə müdaxilə etmək cəhdləridir. Azərbaycanı Rusiya və İran əleyhinə yönləndirmək istəyirlər. Müşahidələrim göstərir ki, bizim ölkəmizdən kimsə nəsə istəyəndə demokratiya damarı tutur".

"Azərbaycanla sanksiyalar dilində danışmağı yanlış sayıram. Bu addım yalnız və yalnız Birləşmiş Ştatların özünün maraqlarına zərər vurar. Hesab edirəm ki, konqres üzvlərinin təşəbbüsü sonda qanunvericilik halına gəlməyəcək. Belə bir sənədin qəbulu ABŞ – Azərbaycan əlaqələrinə zərbələr endirə bilər" — deyə deputat vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, Respublikaçı senator Rocer Uiker (Roger Wicker) Türkiyə, Azərbaycan və bəzi digər ölkələrlə bağlı qanun layihəsi təqdim edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi prezident Donald Trampdan adıçəkilən ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Sözügedən qanun layihəsində Türkiyə və Azərbaycanla yanaşı Qazaxıstan, Tacikistan, Türkmənistan, həmçinn Ukraynanın şərqində yerləşən rusiyameylli qüvvələr yer alıb. Adıçəkilən ölkələrdə insanların dini azadlıqlarına hörmət edilmədiyi iddia olunur.