Sabahdan yeni iş rejiminə keçiləcək

Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək
Sputnik

BAKI, 13 iyun — Sputnik. Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Ramazan ayının təqvimi 2018

O bildirib ki, Ramazan bayramı günlərində (14-19 iyun) "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq: "Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub".

"Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək" — deyə Qədirova qeyd edib.

Onun sözlərinə görə, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.