HADİSƏ

Bu bölgəmizə sanki qarğış ediblər: Zəlzələ, sel, bəs sonra...?

Hazırda əhaliyə dəymiş ziyan araşdırılır
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Şimal-qərb bölgəsinin əhalisi zəlzələnin yaşatdığı həyəcanı unutmamış təbiətin daha bir şıltaqlığı ilə üz-üzə qalıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına əsasən, Balakən rayonunun ərazisindən axan Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib.

İki gün ərzində davam edən leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb. Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb. Xeyli sayda ev quşu məhv olub.

Kommunikasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. Kəndə elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda əhaliyə dəymiş ziyan araşdırılır.