HADİSƏ

Cəmiyyətdə və parlamentdə qəzəbə səbəb olan şəxs tutuldu

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir
Sputnik

BAKI, 13 iyun — Sputnik. Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Füruzə Tağıyeva

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio" Uşaq Mərkəzində tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı dünən Milli Məclisin plenar iclasında da narazılıq ifadə olunub. Millət vəkili Fazil Mustafa tərbiyəçinin uşağa qarşı törətdiyi əməlin yolverilməz olduğunu bildirib və faktın dərhal araşdırılmalı olduğunu vurğulayıb.