BAKI, 12 iyun — Sputnik. Volqa çayının Volqoqrad yaxınlığından keçən hissəsində baş verən qəza zamanı katamaranda ölən sərnişinlərin cəsədlərinin sudan çıxarılması istiqamətində aparılan axtarış-xilasetmə tədbirləri sona çatıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.
"Axtarış-xilasetmə işləri başa çatıb. Katamaranda həyatını itirən sonuncu sərnişinin də cəsədi sudan çıxarılıb. Qəzada 11 nəfər həlak olub" — deyə idarədən bildiriblər.
Ölənlərin qohumları və yaxınları ilə tibb işçiləri və psixoloqlar məşğul olur.
Qeyd edək ki, hadisə Volqa çayında Volqoqrad yaxınlığındakı Qolodnı adasının yanında, sahil zolağının 1 km-liyində baş verib. Katamaran və iki barjadan (Barja — yedək gəmisi, su nəqliyyatı vasitəsi) ibarət qoşqu toqquşub, nəticədə katamaran çevrilib.
Katamaranla toqquşan gəmi keçidi ilə hərəkət edirmiş və onun manevr etməsi üçün yer yox imiş. 12 yerlik katamaranda 16 nəfər Rusiya vətəndaşı olub. Toqquşma zamanı katamarandakı sərnişinlər suya düşüb. Onlardan 11-i ölüb, 5 nəfər isə xilas edilərək yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə ötən axşam baş verib.
Rusiya İstintaq Komitəsi baş verən qəza ilə bağlı RF CM-nin 263-cü maddəsinin (Su nəqliyyatının hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha artıq adamın ölümü ilə nəticələndikdə) 3 bəndi üzrə cinayət işi açıb.