ABŞ Konqresindən Azərbaycanla bağlı bəyanat

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin və ABŞ-ın geosiyasi maraqlarının təmin edilməsində əsas rol oynayır"
Sputnik

BAKI, 12 iyun — Sputnik. 8 iyun 2018-ci il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü, Demokratlar partiyasından Texas ştatını təmsil edən Yucin Qrin (Eugene (Geen) Green) Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı bəyanat verib. Bu barədə Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. 

Konqresmen bəyanatda ilk öncə, Azərbaycana və bütün azərbaycanlılara 100 illik yubiley münasibəti ilə təbriklərini çatdırır.

ABŞ-da Azərbaycanla bağlı ciddi bəyənnamə qəbul edildi

Konqresmen Qrin, 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının Rusiya imperiyasından müstəqillik əldə etdiyini və müsəlman dünyasında ilk demokratik dövlət kimi bərqərar olduğunu qeyd edir: "İlk müstəqilliyin qısa olmasına baxmayaraq, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində yenidən müstəqil dövlət kimi formalaşmış və o zamandan etibarən ABŞ-ın Cənubi Qafqazda əhəmiyyətli müttəfiqi olmaqda davam edir".

Bəyanatda daha sonra diqqətə çatdırılır ki, təmsil etdiyi Hyuston kimi, Azərbaycanın dərin təsir bağışlayan iqtisadi inkişafı neft və qaz sənayesi ilə bağlıdır və sözügedən sənayenin təkamülü ölkənin formalaşmasına təsir etmişdir: "Bir sıra ABŞ və beynəlxalq enerji şirkətləri Azərbaycanda və Xəzər Dənizi hövzəsində fəaliyyət göstərir. Azərbaycan enerji infrastrukturunun və səriştəsinin sürətli inkişafı, onun Avropaya enerji resurslarının sabit və kifayət qədər ixracı yolu ilə, Avropanın enerji təhlükəsizliyinin və ABŞ-ın geosiyasi maraqlarının təmin edilməsində əsas rol oynayır".

Bəyanatın sonunda, Azərbaycan xalqına yüzillik bayram münasibətilə təbriklər çatdırılır və növbəti 100 illiklər boyu tərəqqi və müvəffəqiyyət arzu olunur.