RUSİYA

Rusiyada qeyri-qanuni məskunlaşmış azərbaycanlılara "yaşıl işıq" yandırıla bilər

Azər Allahverənov: "Belə olan şəraitdə azərbaycanlı miqrantlar üçün də çox əlverişli bir şərait yaranmış olur"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. "Rusiyada 8 milyon qeyri-qanuni miqrant yaşayır. Onların ölkədən çıxarılması üçün isə büdcə yetməz". Bu barədə ötən günlərdə rusiyalı hüquqşünas Tatyana Moskalkova açıqlama vermişdi.

O, bildirmişdi ki, əsas problem qeyri-qanuni əmək miqrasiyası ilə bağlıdır. Məlumata görə, miqrantların 81,4 faizi MDB ölkələri vətəndaşlarıdır. Bu səbəbdən də Rusiya Federasiyasının qanunvericiliyinə müəyyən dəyişikliklərin edilməsi və müəyyən şərtlərlə qeyri-qanuni miqrantların leqallaşdırılması təklif edilir.

Azərbaycanda miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rusiya hökuməti uzun müddət Rusiyada yaşayan və sənədi olmayan miqrantlara sənəd verməyə başlayıb. Məqsəd isə Rusiyada uzun müddət yaşayan, ancaq heç bir yerdə qeydiyyatda olmayan şəxsləri qeydiyyata almaqdır.

"Rusiya hökuməti bu sahədə təhlükənin olduğunu başa düşüb. Ölkədə 100 minlərlə insan yaşayır və onların sənədləri qaydasında deyil. Kiminsə sənədi, kiminsə qeydiyyatı yoxdur. Və bununla bağlı çox ciddi kampaniya başladılıb. Belə bir qərar verildi ki, Daxili İşlər Nazirliyi səviyyəsində bu məsələ araşdırılsın və həmin şəxslər müəyyən qaydada sənədlə təmin edilsin", — A.Allahverənov deyib.

Ekspert qeyd edib ki, Rusiyada qeyri-qanuni miqrantların leqallaşdırılması dövlət qurumları ilə kontakta girməkdən çəkinən miqrantlar üçün də önəmlidir: "Onlar ciddi cərimə sanksiyalarına məruz qalacaqlarından qorxduqları üçün sənədsiz olduqlarını deməkdən çəkinirdilər. Qorxurdular ki, onları ölkədən çıxararlar və uzun müddət Rusiya ərazisinə buraxmazlar. Həmin sənəd miqrantların Rusiyada yaşamasının leqallaşdırılması deməkdir".

Allahverənovun sözlərinə görə, dünyanın bir çox yerlərində qeyri-qanuni miqrasiya ilə mübarizəni bu kontekstdə aparırlar: "Amerikada Tramp hakimiyyətə gələndə qərar verdi ki, ölkədə qeyri-qanuni yaşayan milyonlarla miqrantın deportasiyası ilə məşğul olacaq. Sonra başa düşdülər ki, bu, çətin məsələdir. Ən asan iş isə bu insanların leqallaşdırılmasıdır. Yəni bununla da onlar ölkədə qalıb çalışalar iqtisadiyyata töhfə vermiş olarlar. Faktiki olaraq ABŞ-da qeyri-qanuni miqrantların leqallaşdırılması prosesi davam edir".

Ekspert vurğulayıb ki, Rusiyada yaşayan miqrantlar arasında, sayları açıqlanmasa da, kifayət qədər azərbaycanlı var. Belə olan şəraitdə azərbaycanlı miqrantlar üçün də çox əlverişli bir şərait yaranmış olur.

Ölkəmizdə qanunsuz miqrantların sayı azalıb

Müsahibimizin dediyinə görə, azərbaycanlılar daha çox 5 ölkəyə üz tuturlar: "Bu sırada birinci yerdə Gürcüstan, ikinci yerdə İran, üçüncü yerdə Rusiya, 4-cü yerdə Türkiyə və 5-ci yerdə Ukrayna gəlir. 403 min nəfər Gürcüstana, 357 min İrana, 282 min nəfər isə Rusiyaya üz tutub".

"Azərbaycana gələnlərin statistikasına nəzər saldıqda isə, görərik ki, vəziyyət bir qədər fərqlidir. Azərbaycana daha çox Rusiyadan miqrant gəlir. Onların sayı 239 mindir. Son statistikaya əsasən, ikinci yeri 185 min miqrantla Gürcüstan, üçüncü yeri isə 113 min miqrantla İran tutur" — A.Allahverənov vurğulayıb.

"Rəqəmlərlə bağlı vəziyyəti təhlil edən zaman müəyyən etmək olur ki, sabit miqrasiya münasibətləri Rusiya ilədir. Rusiyaya 280 min azərbaycanlı gedib və 239 min gəlib. Fərq, təqribən, 43 mindir. Bu da iki dövlət arasında münasibətlərin stabil olduğunu göstərir. Çox ciddi fərq Gürcüstanla Azərbaycan arasında müşahidə edilir" — ekspert əlavə edib.