CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenidən doğma şəhərdə: 12 il sonra Bakıya qayıdan amerikalı göz yaşları axıdır

“Nə vaxtsa Rəşid Behbudovun "Lalələr" mahnısını ifa etməyi çox istərdim"
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Azərbaycan hamının ömürlük qalmaq istədiyi və göz yaşları ilə tərk etdiyi ölkədir.

Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində 12 il sonra Bakıya "Youthvision-2017" beynəlxalq musiqi müsabiqəsində iştirak etməyə gəlmiş gənc amerikalı müğənni Kendra Moria deyib. Müsabiqədə müğənni Bakıdakı Atəşgah məbədinə həsr edilmiş mahnını ifa edib.

Müğənni bu layihədə iştirak üçün dəvət alanda sadəcə doğma Azərbaycanı görəcəyinə görə çox sevinib. Morianın sözlərinə görə, o uzun müddət ailəsi ilə Bakıda yaşadığı üçün bu şəhərdən ötrü çox darıxıb.

"Bakıda mənim bütün uşaqlığım keçib, ona görə də bu yer mənim üçün həmişə doğma olacaq. Gələn kimi yenidən görüşmək üçün burdakı bütün dost-tanışıma yazdım. Yenidən İçərişəhəri görmək çox xoş oldu. Mən çox həyəcanlıyam, uşaqlıq şəhərimdə yenidən olduğuma görə sevincimi ifadə etmək üçün söz tapa bilmirəm" — deyə Moria etiraf edib.

Onun Bakıdan getməyinin səbəbi əsasən ingilis dilində oxuduğu üçün Amerikada musiqi təhsilinə davam etməsi olub. Morianın sözlərinə görə, hazırda hələ ABŞ-da populyar müğənni olmasa da, artıq mahnılar yazdırır, müxtəlif tədbirlərdə çıxış edir. Müğənni etiraf edib ki, Bakıda yaşayanda Azərbaycan dilini bilib və hətta bu dildə yazıb, lakin indi 12 il keçdiyinə görə çox sözləri yaddan çıxarıb, çünki Amerikada bu dildə danışan tanışı yoxdur.

"Mənim anam Azərbaycan musiqisini, xüsusən xalq mahnılarını çox sevir. Mən Azərbaycan mahnılardan birini ifa edərdim, lakin mənim dillə bağlı problemlərim çoxdur. İstəyirəm ki, hər şey keyfiyyətli və peşəkarcasına olsun. Nə vaxtsa Rəşid Behbudovun "Lalələr" mahnısını ifa etməyi çox istərdim" — deyə Moria bildirib.

Müğənni bacısı ilə birlikdə ABŞ-da Azərbaycanı təbliğ etdiyini söyləyir. Onlar öz səhifələrində Azərbaycan mahnılarını, ölkəmizə aid fotoşəkilləri paylaşırlar ki, əcnəbilərdə Azərbaycanı görmək istəyi yaransın. Qız etiraf edib ki, bacısı da onunla birlikdə gəlmək istəyib, lakin alınmayıb.

"Biz Bakıdan ötrü çox darıxırıq, lakin artıq hər şeyi atıb bura köçə bilmərik. Heç olmasa bura tez-tez gəlmək üçün əlimdən gələni edəcəyəm. Bakıdan xoş təəssüratlar və göz yaşları ilə gedirəm. Doğma Azərbaycanıma hər şeyə görə minnətdaram. Hamınızı çox sevirəm" — Moria bildirib.

Sonda müğənni qeyd edib ki, Bakıdan əliboş getmir və özü ilə amerikalı dostlarına söz verdiyi kimi pay üçün sevimli yerli şirniyyatlardan aparır.