BAKI, 11 iyun — Sputnik. İsrail ordusu Suriyanın işğal altında olan Qolan təpələrində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə Sputnik Azərbaycan "Haber 7"-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu gün səhər saatlarında başlayan hərbi təlimlərə ehtiyatda olan minlərlə hərbçi də cəlb olunub. Hərbi təlimlərin bir neçə gün davam edəcəyi bildirilir. Bununla bağlı İsrail ordusu əraziyə xeyli sayda hərbi texnika, silah-sursat cəlb edib.
İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu, 2018-ci ildə nəzərdə tutulan təlim proqramının bir hissəsidir və bu təlim çərçivəsində ordunun döyüş qabiliyyətinin hazırlığı yoxlanılacaq.
Qeyd edək ki, İsrail ordusu ötən həftə ölkədə olan bütün hərbi bazarlarda genişmiqyaslı təlimlər həyata keçirmişdi. Bu il içində İsrail ordusunun həyata keçirdiyi bəzi hərbi təlimlərə ABŞ ordusu da dəstək vermişdi.
Xatırladaq ki, İsrail Suriya ərazisi olan Qolan təpələrini 1967-ci ildən işğal altında saxlayır.
Bu arada, İsrail ordusu HƏMAS təşkilatının hərbi-dəniz bazasına və onun dənizə açılan tunelinə zərbələr endirib. Əməliyyatın kadrları İsrail ordusunun "Twitter" səhifəsində yerləşdirilib.
Məlumata əsasən, məhv edilən tunel HƏMAS yaraqlılarına Qəzza zolağını tərk etməyə və dənizə çıxaraq İsrailə hücumlar təşkil etməyə imkan verirmiş.