BAKI, 11 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il futbol üzrə Dünya Çempionatına qatılmaq üçün Moskvaya səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə Azərbaycan Prezident Administrasiyasındakı mənbə bildirib.
"Bəli, ölkə başçısı açılış mərasimində iştirak edəcək", — deyə mənbə vurğulayıb.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının açılış mərasimi Moskvanın "Lujniki" stadionunda keçiriləcək. Bu meydanda çempionatın ilk oyunu Rusiya- Səudiyyə Ərəbistanı matçı keçiriləcək. Açılış mərasimi ilə bağlı şou oyundan 30 dəqiqə əvvəl Bakı vaxtı ilə 18:30-da başlayacaq.
Dünya Çempionatının açılış mərasimində, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Faktiki olaraq, bu, Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi ilk tədbir olacaq.