SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti Rusiya səfirinin etimadnaməsini qəbul edib

Prezidenti İlham Əliyev Peru və Bolqarıstan səfirlərinin etimadnaməsini də qəbul edib
Sputnik

BAKI, 10 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bəzi ölkələrin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edir

Səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib. Sonra Mixail Boçarnikov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğulayıb. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Mixail Boçarnikov Rusiya Prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. O, qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Elə həmin gün Prezidenti İlham Əliyev Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin və Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun etimadnamələrini qəbul edib.