SƏHİYYƏ

Paxlalı bitkilər daha çox hansı uşaqlara mənfi təsir göstərir- həkim məsləhəti

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, paxlalı bitkilərin öz tərkibində insanı zəhərləyəcək heç nə yoxdur
Sputnik

Adil Qeybulla: “Paxlalı bitkilər sağlam uşaqlarda heç bir problem yarada bilməz”
“Bütün insanlarda paxlalı bitkilərdən zəhərlənmə baş verə bilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

“Qaraciyərdə ferment çatışmazlığı olan insanlara, xüsusilə uşaqlara paxlalı bitkilərin verilməsi məsləhət görülmür. Çünki paxlalı bitkilərlə qidalanma onların səhhətində mənfi fəsadlara səbəb ola, müxtəlif problemlər yarada bilər. Paxlalı bitkilər qaraciyərində ferment çatışmazlığı olan uşaqlara daha çox mənfi təsir göstərə bilər. Amma sağlam uşaqlarda heç bir problem yarada bilməz. Yox əgər qaraciyəri sağlam uşaqlarda problem baş verirsə, deməli zəhərlənmə paxlalı bitkilərin tərkibi ilə bağlıdır. Həmin bitkilərin tərkibindəki nitratlar, nitritlər, digər gübrələrdən zəhərlənmə halı baş verə bilər. Paxlalı bitkilərin öz tərkibində isə insanı zəhərləyəcək heç nə yoxdur” — deyə professor qeyd edib.

Qeyd edək ki, bir müddət öncə cənub bölgəsində eyni gündə 4 uşaq zəhərlənərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin məlumatına görə, uşaqların hər birinin zəhərlənməsi paxlalı bitkilərdən qidalanma nəticəsində baş verib.

Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz