“Avropada hədəf müsəlmanlardır” – Çavuşoğlu sərt danışdı

“Avropa İttifaqı içində hər kəs onu lağa qoyur. Avropa belə siyasətçilərin əlində oyuncaq oldu”
Sputnik

BAKI, 9 iyun — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avstriya hökumətinin 7 məscidi bağlamasına münasibət bildirib. Sputnik Türkiyə xəbər verir ki, nazir bunun bəzi ölkələrdə İslam düşmənçiliyinin hara gəldiyinin bariz göstəricisi olduğunu qeyd edib.

Çavuşoğlu Avropada “buradan olmayan hamıya” nifrətin yaranmağa başladığını vurğulayıb: "Qaçqına nifrət, yəhudiyə nifrət və İslam düşmənçiliyi var. İslam düşmənçiliyi ilə Türkiyə düşmənçiliyi birləşdi. Bu birləşmə ilə əlaqədar hədəf Ərdoğan oldu. Avstriyanın sabiq xarici işlər naziri, hazırkı baş naziri Sebastyan Kurts “7 məscidi bağlayacağıq, imamları ölkədən çıxaracağıq” deyir. Biz onsuzda bu şəxsin irqçi olduğunu bilirdik".

Türkiyə xarici işlər nazirinin sözlərinə görə, irqçi, İslam düşməni olan siyasətçilər Avropanı başqa uçurumlara aparırlar: "Bu gün hədəf müsəlmanlardır. Dünən yəhudilər idi. Qanunlar sərt olduğu üçün yəhudi düşmənçiliyini üzə vurmurlar. Cəzası var. Amma müsəlmanlara rahat şəkildə hücum edirlər. Sabah başqa hədəflər də tapılar. Tarixdə olduğu kimi protestant, katolik münaqişəsi, etnik münaqişələr başlayar. Daha əvvəl adını çəkdiyim şəxsin xəyalı Avstriya – Macarıstan imperiyasını qurmaqdır. Avropa İttifaqı içində hər kəs onu lağa qoyur. Avropanın kimlərin əlində qaldığını görürük. Avropa belə siyasətçilərin əlində oyuncaq oldu”.