SƏHİYYƏ

Böyük qalmaqal: Təcili yardım yetişənədək xəstə keçindi və əsl qiyamət qopdu

Təcili yardım briqadasını ittiham edən mərhumun yaxınları tibb heyətini daş və yumruqlarla qarşılayıblar
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobilinə hücum olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Belə ki, təcili yardım gələnədək xəstənin öldüyünü görən yaxınları tibb işçilərini çağırışa yubanmaqda günahlandıraraq onların üzərinə hücum çəkiblər. Nəticədə həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanova xəsarət alıb. Həmçinin, təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Hadisə nəticəsində xəsarət almış həkim Eldar Abdıyev

Hadisə ilə bağlı Tovuz şəhəri Təcili Tibbi Yardım Stansiyasının baş həkimi İmamaverdi Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında çağırışa gecikmənin olmadığını bildirib: "Tovuz rayonunun ərazisi geniş olduğundan, əraziyə yaxın olsun deyə Qovlar şəhərində bir təcili yardım briqadası saxlanılır. Çağırışçılar 103-ə zəng vuran zaman telefonçular onlara daha yaxın olduğuna görə Qovlarda yerləşən təcili tibbi yardım briqadasına zəng vurmalarını bildiriblər və qarşılığında təhqirlərlə üzləşiblər".

Həkim Eldar Abdıyev

Xəsarət alan həkim Eldar Abdıyev də öz növbəsində gecikmənin olmadığını, çağırışın onun mobil telefonuna gəldikdən dərhal sonra yola çıxdıqlarını deyib. Lakin hadisə yerinə çatdıqda xəstə Mikayıl İslam oğlu Kazımovun öldüyü məlum olub. Mərhumun yaxınları ölümdə təcili yardım briqadasını ittiham edərək tibb heyətini daş və yumruqlarla qarşılayıblar.

Hazırda faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.