CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaş düzəldən yerdə gözü çıxardılar: 20 min insan dərdə düşüb

Minlərlə kənd sakini toz-torpağın əsirinə çevrilib, bələdiyyə sədri isə yaxşı olacağını deyir
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Bərdə rayonunun Qaradəmirçi kəndindən keçən avtomobil yolu tamamilə bərbad hala düşüb. Buna da səbəb bir il bundan öncə Yevlax-Bəhramtəpə magistral yolunun yenidən qurulması zamanı çınqıl və şeben daşıyan ağır tonnajlı yük maşınlarının sözügedən yolla hərəkət etməsi olub. İndi bu yolla hərəkət eləmək çox çətindir. Həm maşınlar yolda yaranmış iri çala-çuxurlara düşür, həm də yayılan toz-dumandan ətrafı görmək olmur.

Qaradəmirçi yolu

Kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, yaxınlıqdan keçən rayonlararası magistral yolun tikintisi başa çatsa da, geridə qalan fəsadların aradan qaldırılması məqsədilə heç bir addım atılmayıb. İndi hər kəs kənd yolunun təmir, əhalinin isə rahatlığının təmin olunacağı günü səbirsizliklə gözləyir.

Qaradəmirçi kənd sakini Roman Əliyev deyib ki, avtomobillərin hərəkəti zamanı yolu bürüyən toz onların həyatını dözülməz edib: "Tozdan kəndə çıxmaq olmur, nəfəs almaq mümkün deyil. Acınacaqlı həyat yaşayırıq. Xüsusilə uşaqlar, xəstə insanlar bu vəziyyətdən daha çox əziyyət çəkirlər".

"Ağcabədi yolunda yenidənqurma işləri başlayandan sonra çınqıl, şeben daşıyan "Şaqman"lar bu vəziyyəti yaratdı. Yol tikintisini həyata keçirən şirkətdən bildirmişdilər ki, tezliklə bərbad hala düşən magistral ərazidə də təmir işləri aparılacaq. Təəssüf ki, kənd sakinlərinin acınacaqlı vəziyyətini nəzərə alıb işləri başlamaq fikirləri yoxdur", — deyə əlavə edib Roman Əliyev.

Qaradəmirçi yolu

Digər kənd sakini Ramiz Ağayev 5 km-lik yolun keçdiyi ərazidə 15-20 min nəfərə yaxın adamın yaşadığını bildirir. Qeyd edir ki, minlərlə kənd sakini toz-torpağın əsirinə çevrilib: "Maşınların hərəkəti zamanı yoldan qalxan toz ətrafı elə bürüyür ki, qarşı tərəf görünmür. Bununla da həm ətraf güclü çirklənməyə məruz qalır, həm də tozdan nəfəs almaq olmur. Həmçinin toz-duman içində hərəkət edən sürücülər üçün də təhlükə yaranır, qarşı tərəfi görə bilmirlər".

Ramiz Ağayev, onu da qeyd edib ki, təmir işlərinin görülməsi üçün maliyyə vəsaiti də ayrılmasına baxmayaraq, hələ ki, heç bir müsbət nəticə yoxdur: "İki ilə yaxındır ki, bu yol bərbad vəziyyətə düşüb. Yol tikintisi ilə məşğul olan şirkətin rəhbərliyi işlərini başa çatdırandan sonra dağılan magistral xəttin yenidən qurulmasını öhdəsinə götürmüşdü. May ayının 15-dən yolun tikintisinə başlanılmalıydı. Ancaq artıq iyun ayı olmasına baxmayaraq, hələ bir iş görülməyib".

Qaradəmirçi yolu

Qaradəmirçi kənd bələdiyyəsinin sədri Şakir Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yolun bərpası bu yaxınlarda həyata keçiriləcək: "Yevlax-Bəhramtəpə magistral yolunda təmir işləri aparan podaratçı təşkilatın bununla bağlı öhdəlik müqaviləsi var. Hazırda onlar işlərini tamamlamadığına görə iş bir az ləngiyib".

Bələdiyyə sədri tozun qarşısını almaq məqsədilə tikintini həyata keçirən şirkət tərəfindən ayrılmış maşınlarla yolun mütəmadi olaraq sulandığını da əlavə edib.

Ümid edirik ki, aidiyyatı qurumlar bu xoşagəlməz durumun tezliklə aradan qalxması üçün lazımi tədbirlər görəcək.