İQTİSADİYYAT

Deputat siqaretin bahalaşacağı gözlənitisinə aydınlıq gətirdi: "Ajiotaja səbəb olmayacaq"

Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillalara tətbiq edilən vergi dərəcəsinin artırılması nələrə təsir göstərəcək?
Sputnik

BAKI, 8 iyun — Sputnik. Vergi qanunvericiliyində edilən dəyişikliklər nəticəsində Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılması istehlakçılara ciddi təsir göstərməyəcək. Çünki sözügedən məhsullar ümumilikdə tütün məhsulları bazarının 0,1-0,3%-ni təşkil edir.

Bunu Sputnik Azərbaycan-a parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru Rüfət Quliyev deyib.

Milli Məclisin iyunun 12-nə planlaşdırılan plenar iclasında Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcələrinin artırılması məsələsinə baxılacaq. Azərbaycanda istehsal olunan 1000 ədəd siqar, ucları kəsilən siqar və siqarilla üçün 20 manat dəyərində vergi tutulacaq. Bu isə hazırda fəaliyyətdə olan vergi dərəcələrindən iki dəfə artıqdır.

Deputatın sözlərinə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillalar zərif məhsullardır və onsuz da klassik siqaretlərdən bahadır: "Qanunvericiliyə edilən dəyişikliyin tütün bazarında ajiotaja səbəb olacağını düşünmürəm. Onsuz da siqar, ucları kəsilən siqar və siqarillalar kütləvi istifadə olunan məhsullar deyil. Onlardan yalnız müəyyən bəlli kontingent istifadə edir".

Quliyev bildirib ki, son 2-3 ildə dövlət güclü proteksionizm siyasəti həyata keçirir, lakin söhbət praqmatik proteksionizmdən gedir: "Amma bu, o demək deyil ki, hər şeyin qiymətini qaldırmaq, yaxud da bunun qarşısını almaq lazımdır. Düzünü deyim ki, mən hələ bilmirəm, kim siqar və siqarillaları istehsal edəcək, ancaq bəzi planlar ola bilər. Hər halda Azərbaycan dünya iqtisadiyyatının inkişaf yolundadır".

"Avropa və Asiyanın qabaqcıl ölkələrində gedən proseslər təbii olaraq, bir il tez, yaxud gec bizdə də baş verəcək. Bundan əlavə, qəlyan tütününün istehsalı çox maraqlı ola bilər. Bu gün Azərbaycanda bazar var və tələbat da ildən-ilə minimum 10% səviyyəsində artır. O, bütün dünyada inkişaf edir, Azərbaycanda da" — deyə iqtisad elmləri doktoru bildirib.

AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-aprel aylarında ixrac olunan tütün və onun sənaye əvəzedicilərinin həcmi 3,989 milyon dollar dəyərində olub. Bu məmulatların idxal dəyəri isə 34,928 milyon dollar təşkil edib.

Hesabat dövründə Azərbaycan 3,99 milyon dollar dəyərində tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 25,6% azdır. Bu dövrdə 34,93 milyon dollar dəyərində tütün və onun sənaye əvəzediciləri idxal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,5% ixtisar deməkdir.