Ermənistanda növbədənkənar seçki anonsu verildi

Paşinyan: "Yeni hökumət seçki sisteminin müzakirəsi üçün yeni işçi qrupu yaradacaq"
Sputnik

BAKI, 7 iyun — Sputnik. Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin sonuna kimi keçirilməlidir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentində hökumətin proqramını təqdim edərkən bildirib.

"Qarabağ klanı"nın qara günləri başladı

Paşinyanın öz çıxışına iqtisadi, diplomatik və ya müdafiə məsələlərindən deyil, seçki sistemində islahatların aparılmasının vacibliyindən başlaması xüsusilə vurğulanır. Baş nazir qeyd edib ki, Ermənistan yalnız bir səbəbə — seçkilərin sistemli şəkildə saxtalaşdırılmasına görə zəif olaraq qalır.

"Müntəzəm qorxutma və seçkilərin saxtalaşdırılması yolu ilə rəhbərlik hakimiyyəti və gəlirlərə qeyri-məhdud girişi əldə saxlamağa müvəffəq olurdu. Kölgə iqtisadiyyatı və bazarların bölünməsi əhalinin hesabına onların varlanmasına imkan verirdi", — hökumət başçısı vurğulayıb.

Paşinyan əlavə edib ki, yeni hökumət seçki sisteminin müzakirəsi üçün yeni işçi qrupu yaradacaq: "Qrupda hökumət nümayəndələri, parlamentdə təmsil olunan və olunmayan partiyaların təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunacaq".