BAKI, 7 iyun — Sputnik. Yerevanda Bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında etiraz yürüşü keçirilib. Sputnik Ermənistan xəbər verir ki, etirazçılar II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb ediblər. Aksiya iştirakçıları arasında din xadimləri də olub.
"Bütün ermənilərin katolikosu adından etirazçılara Eçməzdin kilsəsini ziyarət etmək və II Qareginlə görüşmək üçün dəvət verilib. Etiraz yürüşlərinin iştirakçılarının katolikosun özünə şikayətlərini çatdırmaq və suallarını vermək imkanları olacaq", — deyə erməni kilsəsinin rəsmi nümayəndəsi Vaqram Melkinyan bildirib.
Yürüş iştirakçıları isə katolikosla görüşün açıq formatda təşkil olunacağını bildiriblər.
Qeyd edək ki, II Qaregin 1999-cu ildə Ali Dini Şura tərəfindən Bütün ermənilərin katolikosu və Ali patriarx seçilib.