HADİSƏ

Paytaxt sakinlərini narahat edən “avtoş” saxlanıldı

Avtomobil yalnız normalara uyğunlaşdırıldıqdan sonra cərimə meydançasından buraxılacaq
Sputnik

BAKI, 7 iyun — Sputnik. Bir neçə gün əvvəl mediada “Bakıda qeyri-adi hadisə — Nəsimi DYP “avtoş”u saxlamadı” başlıqlı yazı dərc edilmişdi. Yazıda Bakı şəhərində “Memar Əcəmi” metrosunun yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan, gecə-gündüz həmin ərazidə yaşayan sakinlərin dincliyini pozan 90-OP-027 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsünə YPX əməkdaşları göz yumduğu qeyd edilmişdi. Sakinlərin sözlərinə görə, həmin sürücü gecələr avtomobilin maqnitofonuna yüksək səs verərək əl əyləcindən istifadə edib yolda təhlükəli hərəkətlər edib.

Sputnik AzərbaycanAvtosfer-ə istinadən xəbər verir ki, artıq dünən həmin avtomobilin sürücüsü Nəsimi rayon yol polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və sürücü cərimə edilərək maşın cərimə meydançasına aparılıb. Sürücüyə avtomobildə əlavə avadanlıq quraşdırdığı üçün İXM-nin müvafiq maddəsinə əsasən 150 manat cərimə edilib. Fotolardan da göründüyü kimi avtomobildə yaylarda dəyişiklik edilib. Maşının arxası demək olar ki, yerə dirənib və ön hissəsi normadan artıq qaldırılıb.

Qeyd edək ki, avtomobil yalnız normalara uyğunlaşdırıldıqdan sonra cərimə meydançasından buraxılacaq.