İQTİSADİYYAT

Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişib

Bakıda keçiriləcək beynəlxalq sərgi çərçivəsində işgüzar dairələr Bakı-Tbilisi-Qars marşrutu vasitəsinə yüklərin daşınma imkanlarını müzakirə edəcəklər
Sputnik

BAKI, 7 iyun — Sputnik. Bakıda keçiriləcək TransCaspian/Translogistica 2018 və Road&Traffic 2018 sərgisi iş adamlarının görüşü və Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı platformadır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu gün "Baku Ekspo Mərkəzi"ndə iyunun 11-dən 13-dək keçiriləcək sərgi ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkəmizdə son 10 ildə nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli nailiyyətlər əldə edilib. Təkcə iki sərgi arasında keçən dövr ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti istifadəyə verilib.

"Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə veriləndən sonra nəqliyyat daşınmalarının regional xəritəsi dəyişib. BTQ yüklərin Avropadan Asiyaya daşınması üçün ən qısa yoldur və təkcə Azərbaycan, Gürcüstan və Türkiyəyə deyil, regionun bütün ölkələrinə xidmət edir" — deyə Vəlizadə bildirib. 

"Caspian Oil and Gas" yubiley sərgisi

Nazir müavini həmçinin qeyd edib ki, hazırda BTQ dəmiryol xəttindən savayı, TRACECA (Avropa-Asiya) dəhlizi ilə yanaşı yeni Cənub-Qərb marşrutu da yaranır ki, bu da yüklərin Fars körfəzi ölkələrindən BTQ vasitəsilə Avropa istiqamətinə daşınmasını nəzərdə tutur.

"Iteca Caspian" şirkətinin satış üzrə meneceri Rəna Abutalıbova isə deyib ki, "TransCaspian/Translogistica" sərgisinin ziyarətçiləri arasında dünyanın 15 ölkəsindən 85 şirkət iştirak edir. Builki sərginin qonaqları arasında Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətlərinin nümayəndələri, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı ("DYƏT") və Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin nümayəndələri yer alır. Beləliklə, "TransCaspian/Translogistica" sərgisi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, eləcə də yeni işgüzar müqavilələr imzalamaq üçün yük sahibləri, sənaye müəssisələrinin rəhbərləri, avtomobil parklarının sahibləri və müvafiq profilli sektorları təmsil edən digər maraqlı tərəflərlə görüşmək üçün unikal imkandır.

Onun sözlərinə görə, "Road & Traffic 2018" sərgisi XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian/Translogistica 2018" sərgisi ilə eyni meydançada keçirilir. Sərgilərin təşkilatçıları "Iteca Caspian" şirkəti əl sənətkarlığının inkişafını daim dəstəkləyib. Həmçinin Bakı Ekspo Mərkəzində azərbaycanlı usta Rövşən Ənsarinin əl işlərindən ibarət sərgi stendi ziyarətçilər üçün əsl sürpriz olacaq. Stenddə müxtəlif dövr və ölkələrə aid olan gəmi modellərin növləri, eləcə də parovozlar nümayiş olunacaq.

"Iteca Caspian" şirkətinin sərgi meneceri Səbinə Rzayeva isə bildirib ki, sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 

Bakıda Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisi açılıb

S.Rzayeva qeyd edib ki, "TransCaspian/Translogistica" sərgisi Böyük Britaniyanın "ITE Group" şirkətlər qrupu tərəfindən təşkil olunan "TransRussia" (Moskva), "TransPoland" (Varşava), "TransUzbekistan" (Daşkənd), "TransUkraine" (Kiyev) və "TransKazakhstan" (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də "BreakBulk" beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir. Bu il sərgidə Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və sair) təqdim edəcək.

Qeyd edək ki, TransCaspian/Translogistica 2018 və Road&Traffic 2018 sərgisinin təşkilatçıları Iteca Caspian şirkəti və onun britaniyalı tərəfdaşı ITE Group-dur. Sputnik Azərbaycan TransCaspian/Translogistica 2018 və Road & Traffic 2018 sərgisinin informasiya tərəfdaşıdır.