BAKI, 6 iyun — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma "rejimdə" ikinci şəxs hesab edilən "dövlət naziri" Araik Arutyunyan istefa verib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, Arutyunyan istefa barədə ərizəsini qondarma "prezident" Bako Saakyana təqdim edib. O, istefasının səbəblərini bu gün Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək mətbuat konfransında açıqlayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə "Milli Təhlükəsizlik Xidməti" (MTX) əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb.
"MTX" əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz "polisi" isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs edib. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "MTX" əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketçiliklə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.