CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda yenə söküntü-tikinti qalmaqalı: FHN-in "qırmızı xətt"ini də keçdilər

Şirkətdən vətəndaşa qəribə təklif: Çıxıb başqa evdə yaşayın, biz buranı tikək, eviniz uçsa, sizə ev tikərik
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Binəqədi rayonunda yaşayan Mehrəliyevlər ailəsi iki ildir ki, təhlükə ilə qarşı-qarşıyadır. Belə ki, iki il öncə evlərinin arxasındakı torpaq sahəsini alan "İnam İnşaat 555" tikinti şirkəti ailəyə məxsus olan evi yararsız hala salıb. Şirkət tikinti zamanı yeni tikiləcək tikilinin təməlini düz ailəyə məxsus evinin təməlinə bitişik qazıb. Bu zaman Mehrəliyevlərin evinə zərər dəyib, divarlarda təhlükəli çatlar yaranıb.

Mehrəliyevlərə məxsus evin hazırkı vəziyyəti

Demək olar ki, bütün qurumlara məktub ünvanlayan Mehrəliyevlərin şikayətini dinləyən olsa da, nəticə yoxdur. Sputnik Azərbaycan-ın əməkdaşı Mehrəliyevlərin müraciəti əsasında Binəqədi rayonu Faiq Rüstəmov küçəsi 3 q ünvanında olub və ailənin şikayətini dinləyib.

Həyətin hasarının bir hissəsi tamamilə uçub

Evin xanımı Reyhan Mehrəliyeva bunları deyib: "Şirkət əməkdaşları təməl qazan zaman bizim hasarımızı yerlə bir etdilər. Yeni təmirdən çıxan ev təhlükəli vəziyyətə düşdü. Divarlar çatladı, hasar uçdu. İndi evdə yaşamağa qorxuruq. Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Nazirliyin əməkdaşları gəlib əraziyə lent çəkdi ki, burada tikinti aparmaq olmaz. Ancaq onlar gedən kimi şirkətin əməkdaşları lenti qırıb atdı və işlərinə davam etdilər".

Reyhan Mehrəliyeva

Reyhan Mehrəliyevanın sözlərinə görə, onları tikintinin qanuni və ya qanunsuz aparılması maraqlandırmır. Onları narahat edən məsələ evlərinin təhlükəli vəziyyətə salınmasıdır: "Biz 2005-ci ildən bu evdə yaşayırıq. Bu evdə acılı-şirinli çox günlərimiz olub. İndi birdən-birə hansısa şirkət ortaya çıxır və bizə məxsus evi yavaş-yavaş məhv edir".

Ailə üzvləri iddia edirlər ki, onlara məxsus evin və torpaq sahəsinin sənədləri tam qaydasındadır

"Əvvəlcə bizə deyirdilər ki, sənədiniz yoxdur. Biz də İcra Hakimiyyətinə gedərək evin sənədlərini təqdim etdik. Bundan sonra daha heç nə deyə bilmədilər" — xanım bildirib.

Əliyullah Mehrəliyev isə əlavə edib ki, əvvəllər evlərinin arxasında uşaq bağçası olub. Sonradan ərazi bu şirkətə satılıb: "Görürüsünüz ki, evi başımıza uçurdurlar. Bu günə qədər bir məmur qapımı açıb deməyib ki, "ay ağsaqqal, niyə narahatsan?" İcra Hakimiyyətində Qüdsü və Elşad müəllimlərə müraciət etmişəm, başçıya məktub yazmışam".

Əliyullah Mehrəliyev

"Biz bilmirik ki, kimə müraciət edək. Polis və FHN əməkdaşları deyir ki, "bu evdə yaşamaq olmaz, çıxın, əşyalarınızı çıxarın". Şirkət nümayəndəsi isə deyir ki, "çıxıb başqa evdə yaşayın, biz buranı tikək, eviniz uçsa, sizə ev tikərik". Bu şərtlərdə kim evdən çıxar? Gülməli deyilmi?" — ev sahibi sual edir.

Ə.Mehrəliyevin sözlərinə görə, il yarımdır ki, hər gün traktor, daş-kəsək səsinə yuxudan dururlar: "Bu müddət ərzində günümüz gün olmayıb. Hasar insanın abrı-həyasıdır. Bunlar mənim abır-həyamı sökdülər. Kimə müraciət edim?"

Ərazidə aparılan inşaat işləri

Məsələ ilə bağlı "İnam İnşaat 555" tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, təməl qazma zamanı Mehrəliyevlərin həyətinin hasarı uçub. Səbəbi isə hasarın bünövrəsinin olmaması ilə əlaqələndirdilər.

"Evin divarlarındakı müəyyən çatlar ola bilsin ki, tikintidən öncə yaranıb. Amma bizim yazılı şəkildə müraciətimiz var ki, o evdə hər hansı bir problem baş verərsə, şirkətimiz həmin problemləri aradan qaldırmağı öz üzərinə götürür. Biz bu sənədi İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və polisə təqdim etmişik", — şirkətdən deyildi.

Tikilməkdə olan yaşayış kompleksi barədə məlumat lövhəsi

Daha sonra qeyd olundu ki, hazırda Mehrəliyevlərin evinin arxasında qazılan təməl yeni binanın deyil, yeraltı qarajın keçidi olacaq: "Bizim kifayət qədər ərazimiz vardı. Lakin biz Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi layihə əsasında özülü oradan qazmışıq. Binanın baş planı nazirlik tərəfindən belə təsdiqlənib".

"Binanın özülü onların mənzilindən 18 metr aralıdır. Biz Mehrəliyevlər ailəsinə bildirmişik ki, eviniz uçsa belə, sizə yeni ev tikib verəcəyik. Bu boyda binanı tikən adam üçün həm vəsait, həm də zaman baxımından bir ev tikib vermək problem deyil. Kiminsə malına zərər vermək bizə görə olan bir addım deyil. Biz sözümüzün üstünə durmağa qadirik", — deyə şirkətdən əlavə olundu.

Məsələyə şərh verən tikinti eksperti Elnur Fərzəliyev isə bildirdi ki, vətəndaş rəsmi qiymətləndirmə şirkətinə müraciət edərək, evini qiymətləndirməli, notariat qaydada təsdiq etdirməlidir ki, hər hansı qəza baş verdiyi halda evinə dəymiş zərəri qarşı tərəfə ödətdirə bilsin: "Standarta görə, tikinti sahəsi tikinti aparılacaq ərazisinin 40 faizi qədərində olmalıdır. Yəni 100 kvadrametrlik torpağın üzərində 40 kvadratdan artıq tikinti aparmaq olmaz".

"Bu mənada tikintinin ətrafında məsafələr saxlanılmalıdır. Ancaq hazırda bəzi şirkətlər bunu nəzərə almır", — E.Fərzəliyev vurğuladı.

Ekspert onu da əlavə etdi ki, belə halla qarşılaşan vətəndaş məhkəməyə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilər: "Tikinti şirkəti vətəndaşa yaratdığı narahatlığın, dəymiş maddi və mənəvi zərərin qarşılığını ödəməlidir".