İki ay evli olduğu ərini öldürən qadın: “Mən hələ də onu sevirəm”

İlknur Aktaşa peşman olduğu nəzərə alınaraq 15 il həbs cəzası verilib
Sputnik

BAKI, 6 iyun — Sputnik. Türkiyədə 2 ay evli olduğu 26 yaşlı həyat yoldaşı Sinan Aktaşı öldürən İlknur Aktaş 15 il müddətinə azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə prosesində İlknur Asktaşın anası Xədicə D. şahid kimi dindirilib. O, qızı ilə kürəkəni arasında hər hansı problem müşahidə etmədiyini və eyni zamanda qızında hər hansı psixoloji problemin olmadığını bildirib.

"Hadisə baş verən gün qızım bizə gəlmişdi. Həyat yoldaşı icazə vermədiyi üçün geri göndərdim. Saat 19.00-da zəng etdiyim zaman qızım qaynanası ilə mübahisə etdiyini dedi. Mənə də ona səsini çıxarmamasını tapşırdım. İkinci dəfə zəng edəndə telefonu götürmədi. Bir az sonra qızımın qaynı Fərhad zəng edərək bəzi hadisələrin baş verdiyini dedi. Biz xəstəxanaya gedirik, siz də polisə gedin dedi. Polisdə kürəkənimin öldüyünü bildim".

İlknur Aktaş isə anasının təhdid altında ifadə verdiyini deyib: "Hadisə günü anamgildə idim. Sinan mənə zəng edib evə gəlməyimi istədi. Mən də qalmaq istədiyimi dedim. Sonra yenə zəng edib söydü. Sonra evə gəldim, hadisələri anama dediyim üçün əsəbi idi. Mən Sinanı sevərək ailə qurmuşdum. Hələ də onu sevirəm. Heç kim iki aylıq hamilə olduğu halda ailəsini dağıtmaz".

İlknur Aktaş üçün əvvəlcə 18 il həbs cəzası istənilsə də, qadının peşman olduğu nəzərə alınaraq ona 15 il həbs cəzası verilib.