CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yolkəsənlər peyda olub: Nə gecə rəhm edirlər, nə gündüz ehtiyat

"Özbaşınalıq edirlər, istədikləri vaxt, istədikləri yerdə ağır texnikaları quraşdırıb müəyyən işlər görürlər"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Hazırda paytaxtımızın müxtəlif ərazilərində köhnə tikililərin sökülməsi, yeni binaların tikilməsi prosesi yaşanır. Lakin təəssüflər olsun ki, tikinti şirkətləri tikinti və ya söküntü işləri aparılan zaman təhlükəsizlik qaydalarına riayət etmir. Bəzən yolun hərəkət hissəsini məhdudlaşdırır, sürücülərə, eləcə də piyadalara təhlükə yaradırlar.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, tikinti şirkətləri yol təsərrüfatına hansısa formada təsir edirsə, texnika, palçıq qarışdıran qurğular yolun hərəkət olan hissəsində saxlanılırsa, şirkət rəhbərliyi mütləq əvvəlcədən Dövlət Yol Polisinə müraciət etməlidir: "Bundan sonra onların icazəsi əsasında və təhlükəsizlik qaydalarına riayət etməklə, həmin işləri görə bilərlər".

E.Muradlının sözlərinə görə, amma Bakıda bəzi tikinti şirkətləri özbaşınalıq edir, istədikləri vaxt, istədikləri yerdə ağır texnikaları quraşdırıb müəyyən işlər görürlər: "Bu yaxınlarda Nobel prospektində belə hal baş vermişdi. 6-7 beton qarışdıran maşın yolu tutmuşdu, təhlükəsizlik qaydaları qorunmurdu. 4 zolaqlı yolda avtomobillər sürətlər gəlir, çatana yaxın görürdülər ki, iki zolaq zəbt edilib, yük maşınları palçıq boşaldır. Həmin ərazidə 50-100 metr məsafədən xəbərdarlıq nişanları qoyulmamışdı. Bu da qəzalara şərait yaradır".

Yolkəsənlər

"Dövlət Yol Polisi İdarəsi bu cür sürücülərə qarşı ciddi tədbirlər görməlidir. Sürücülərlə yanaşı, tikinti şirkətləri də külli miqdarda cərimə edilməlidir. Təəssüf ki, belə məsələlər ancaq ictimailəşdiyi zaman Dövlət Yol Polisi əməkdaşları tədbirlər görməyə başlayır" — həmsöhbətimiz bildirir.

O, məsələnin ciddiliyinin fərqində olmağı vacib hesab edir: ""Bu, filankəsin şirkətidir" deyə davranmaq olmaz. Bu problem qəzalara səbəb olur. Kim istəyir, yolu qazır, kim harada oldu, avtomobilini saxlayır. Qəzalar baş verdiyi zaman isə, polis əməkdaşları da məsuliyyət altına düşür".

"Mən özüm dəfələrlə rastlaşmışam. Beton qarışdıran avtomobili saxlayıb, iş görürlər. Saxlayıb, soruşursan ki, "nə edirsən, kimdən icazə almısan?", deyir, heç kimdən. Çoxu da bəhanə edir ki, icazə almağın lazım olduğunu bilməyib", — deyə ekspert əlavə edir.

Muradlı qeyd edir ki, nəinki özəl şirkətlər, bəzi dövlət qurumları da işlərini qayda-qanuna uyğun şəkildə görmür: "Yolu qazır, işini görür və çıxıb gedirlər. Heç xəbərdarlıq nişanı da qoymurlar. Buna görə də düşünürəm ki, lazımi tədbirlər görülməlidir".

Tikinti eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, qanunla tikinti işləri yoldan bəzi ərazilərdə 15, bəzi ərazilərdə isə 25 metr aralıda olmalıdır: "Düzdür, indi səkilərin üzərində də tikirlər. Amma, əslində, ən azı 15 metr aralı olmalıdır".

"Yola yaxın ərazilərin sənədləşdirilməsinə reyestr xidməti tərəfindən icazə verilməməlidir. Yol ilə tikinti şirkəti arasına olan "qırmızı zolaq" tanınmalıdır. Həmin əraziyə sərəncam verən idarə ərazini yoxlamalıdır. Neytral ərazi qorunub saxlanılmalıdır. İstənilən vaxt bunu sökmək də mümkündür", — deyən Fərzəliyevin sözlərinə görə, tikinti şirkətlərinin yolun hərəkət hissəsinə hər hansı bir formada müdaxiləsi qanunsuzdur.