BAKI, 5 iyun — Sputnik. Türkiyənin məşhur aktrisası Özge Borak geyimi və görünüşü ilə sosial şəbəkələrdə ən çox izlənilən sənətçilər sırasındadır. Bir müddət Ata Demirer ilə evli olan məşhur aktrisa bu dəfə sosial şəbəkələrdə ona edilən əxlaqsız təklif barədə paylaşım edib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu dəfə paylaşdığı status ilə izləyicilərini təəccübləndirib. Belə ki, azərbaycanlı iş adamı olduğunu və Moskvada yaşadığını iddia edən şəxs aktrisaya əxlaqsız təklif edib. Aktrisanın adını gizli saxladığı şəxs Özge Boraka onunla bir gecə keçirməyin qarşılığında 1 milyon dollar verəcəyi barədə mesaj yazıb.
Aktrisa öz növbəsində, sosial şəbəkədə edilən bu əxlaqsız təkliflə bağlı status paylaşaraq bunları yazıb: "Mənə mesajlar çox gəlir. İstər qadın, istər kişilərdən. Hər kəsə cavab verməyə çalışıram. Bəzən mənə gələn ən gülməli və maraqlı mesajları paylaşıram. Bu dəfə isə mənə edilən əxlaqsız təklifi paylaşmaq qərarına gəldim. Bu tərbiyəsizliyə belə cavab verə bilərəm: Biz bunun serialını çəkdik, canım".
Qeyd edək ki, aktrisa Türkiyədə yayımlanan "İstanbullu gəlin" serialında rol almışdı.