BAKI, 4 iyun — Sputnik. Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O, bildirib ki, www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti — Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu — ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu — JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.
Birbaşa uçuşlar yay cədvəli çərçivəsində həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.
Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.