Vladimir Putindən mühüm addım

Qanun özündə ABŞ və onun müttəfiqlərinin dost olmayan fəaliyyətlərinə qarşı cavab və əks-sanksiya tədbirlərini ehtiva edir
Sputnik

BAKI, 4 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin "ABŞ və onun müttəfiqlərinin dost olmayan fəaliyyətlərinə qarşı əks-sanksiya tədbirləri haqqında" qanunu imzalayıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə sənəd Rusiyanın Hüquqi informasiyalar portalında yayımlanıb. Qanun bu gündən etibarən qüvvəyə minib.

Qanun özündə ABŞ və onun müttəfiqlərinin dost olmayan fəaliyyətlərinə qarşı cavab və əks-sanksiya tədbirlərini ehtiva edir. Qanun sözügedən dövlətlərə, onların yuridiksiyası altında olan təşkilatlara, vəzifəli şəxslərə və vətəndaşlara tətbiq ediləcək.

Putin Suriyanın gələcəyi barədə danışdı

Sənəd öz növbəsində sanksiya tətbiq olunmuş ölkələrlə Rusiya və şirkətlərin atom, raket və aviatikinti sahəsindəki beynəlxalq əməkdaşlığının başa çatdırılmasını və ya dayandırılmasını da nəzərdə tutur.

Burada Amerika şirkətlərinin dövlət və bələdiyyə mülkiyyətlərinin özəlləşdirilməsi prosedurlarındakı iştirakına, ABŞ məhsullarına, eləcə də texnoloji avadanlıqlar və proqram təminatlarına, dövlət və bələdiyyə satınalmalarına xidmət göstərilməsinə məhdudiyyətlər qoyulub.

Layihənin müəllifləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və fraksiya rəhbərləridir. Sənədə parlamentin aşağı palatasında əhəmiyyətli dəyişikliklər edilib.

Sənədin ilkin redaksiyasında hökumətə 16 cavab tədbiri görmək hüququ verilmişdi. İkinci oxunuşda isə onlardan cəmi 6-sı saxlanılıb.

Qanun layihəsi bir sıra bu və ya digər məhdudiyyətləri də nəzərdə tutur, üstəlik, şəraitdən asılı olaraq prezidentə məsələlərə operativ reaksiya nümayiş etdimək səlahiyyəti verir.

Sənədin ikinci redaksiyasında konkret sənaye sahələrinin, malların və xidmətlərin adları istisna edilib. Əks-sanksiyalar həyati əhəmiyyətli məhsullara, o cümlədən, dərman vasitələrinə tətbiq edilməyəcək.

Qanun layihəsindən xaricdə fəaliyyət göstərən Rusiya şirkətlərinin və bankları fəaliyyətini məhdudlaşdıra biləcək normalar çıxarılıb.