TƏHLİL

Politoloq Cənub Qaz Dəhlizinin geosiyasi əhəmiyyətini şərh edir

Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb
Sputnik

İlqar Vəlizadə: “Belə layihələr regionda təhlükəsizliyin təmini baxımından vacibdir”
“CQD-nin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan bütün hədəflərinə çatmağa qadirdir”. Bunu politoloq İlqar Vəlizadə Cənub Qaz Dəhlizi layihəsinin geosiyasi əhəmiyyətini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

O, bildirib ki, bu layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər: 

“CQD çoxşaxəli layihədir. Bu layihədə geosiyasi və iqtisadi amillər, əməkdaşlıq şəraiti hamısı nəzərə alınıb. Bu amillər nəzərə alındığı üçün belə iri miqyaslı layihə gerçəkləşdirilir. Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb. Bu da iştirakçıların Azərbaycanla əməkdaşlıqda marağını artırır. Belə layihələrdə müxtəlif güclərin təmsil olunması regionda təhlükəsizlik baxımından vacibdir. Bu, həm də bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir”.

Qeyd edək ki, mayın 29-da Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimi keçirilib.