BAKI, 4 iyun — Sputnik. İyunun 5-9 tarixlərində Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub.
Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun "Şıx sahəsi" ərazisində, "Dostluq parkı"-da yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.
Qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyyə olunur. Bibiheybət məscidindən şimal istiqamətində süni sıxlığın yaranmaması üçün "20-ci sahə" dairəsindən dağüstü yolla – Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, şimaldan paytaxtın mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər.
Dünya çempionatının yüksək təhlükəsizlik səviyyəsində təşkili və keçirilməsi məqsədilə hazırlıq işlərinin gedişi, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər planlı və qarafikə uyğun davam etdirilir. Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Xatırladaq ki, iyunun 5-dən 9-dək Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.