HADİSƏ

Strateji əhəmiyyətli körpü niyə uçub?

"Göyçaydan gələn məlumatlara əsasən, uçan körpü ətrafında çay məcrasına ciddi müdaxilələr olub"
Sputnik

BAKI, 4 iyun — Sputnik. "Respublika əhəmiyyətli avtomobil yolunun keçdiyi strateji əhəmiyyətli körpünün adi mövsümi sel nəticəsində uçması səbəbləri mütləq cinayət işi çərçivəsində prokurorluq və digər orqanlar tərəfindən də araşdırılmalıdır".

Təbii fəlakət Azərbaycanın əsas yollarından birini iflic etdi: Minlərlə maşın yolda qaldı

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, əsas hədəf də körpü yaxınlığında çay yatağında qanunsuz fəaliyyətin, o cümlədən daş-çınqıl karxanalarının yaradılması olmalıdır.

Ekspertin sözlərinə görə, "Avtomobil yolları haqqında" Qanuna əsasən, körpülərdən hər iki istiqamətdə 1 kilometrlik zonada çay yatağında yol işlərindən kənar bütün işlər, xüsusən də çınqıl çıxarılması qadağandır: "Göyçaydan gələn məlumatlara əsasən, uçan körpü ətrafında çay məcrasına ciddi müdaxilələr olub".