BAKI, 4 iyun — Sputnik. Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub.Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin(Üzeyir Hacıbəyli) diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.
Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.
Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin Fatma Mehrəliyeva tərəfindən çox yüksək məharətlə oxunması bir gerçəklikdir.
Mehrəliyeva həmçinin "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib.
Uzun müddət xəstəlikdən sonra 2000-ci ilin 4 yanvarında vəfat edib.