HADİSƏ

Bakının keçmiş rəhbərinin qızı ilə bağlı ağlasığmaz faktın üstü açıldı

Onların valideyni həmin qəbiristanlıqda dəfn edilib və ziyarət adı ilə gedərək bu biabırçı əməli törədirmişlər
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Əlvan metal toplayıcıları şəhər əhalisinin müqəddəs hissləri ilə oynamaqda davam edirlər. Polis Azərbaycanın tanınmış dövlət xadimi, keçmiş Bakı İcraiyyə Komitəsinin sədri və Bakıdakı bir çox mühüm tikinti obyektlərinin inşasında böyük əməyi olmuş Əliş Ləmbəranskinin qızının büstünü oğurlayan şəxsləri saxlayıb.

Yasamal Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28-ci bölmənin əməkdaşları qəbiristanlıqlardan silsilə oğurluq edən şəxsləri saxlayıblar. Saxlanılan Sahib və Mikayıl Əsədullayev qardaşları 30-a yaxın bürünc barelyefi oğurladıqlarını etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, Əsədullayev qardaşları, eyni zamanda 1939-cu il təvəllüdlü Elmira Əlişovna Ləmbəranskayanın və 1976-cı il təvəllüdlü Allahverdiyev Namiq Mürvət oğlunun da qəbirüstü büstlərini oğurlayıblar. Onların hər ikisi Şərifzadə küçəsində yerləşən Yasamal qəbiristanlığında dəfn ediliblər.

Qeyd edək ki, Elmira Lənbəranskaya Azərbaycanın tanınmış dövlət xadimi, keçmiş Bakı İcraiyyə Komitəsinin sədri Əliş Cəmiloviç Ləmbəranskinin qızıdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin tikinti məsələləri üzrə müavini, Ali Sovetin deputatı, Mərkəzi Komitənin üzvü olan Əliş Ləmbəranski Bakı şəhərinin əsas simvollarından olan binaların əksəriyyətinin tikilməsinə rəhbərlik edib.

Onlardan "Bağırov körpüsü", "Dövlət sirki", "Respublika sarayı", "Qaqarin körpüsü" (Cavanşir), Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı, "Yaşıl teatr", Gülüstan sarayı və başqalarını saymaq olar.

O, xaricdə gördüyü hər bir gözəl tikilini Azərbaycanda da təkrarlamaq istəyən, sənətinə vurğun böyük və bacarıqlı bir mühəndis olub. Deyilənlərə görə, xarici səfərlərin birində bir binanın tikintisindən xoşu gələn Ləmbəranski həmin binanın planını kibrit qutusunun üzərində çəkib. Bakıya qayıdanda isə həmin binanın oxşarını burada tikməyə nail olub. İndi isə onun "sənət əsəri" sayılan Bakıda qızının qəbirüstü abidəsini adi oğrular soyublar.

Bölgəmizdə qəribə bayram adəti: Axşamlar əllərində şam qəbiristanlıqda dolaşırlar

İstintaq Əsədullayevlərin yalnız bürünc oğurluğu ilə məşğul olduqlarını müəyyən edib. 7-15 min manat arası qiyməti olan barelyefləri qardaşlar kiçik hissələrə ayırıb əlvan metal qəbuletmə məntəqələrinə aparırlarmış ki, alıcıları onların haradan əldə edildiyini və kimə məxsus olduğunu başa düşməsinlər. Əsədullayevlər həmin bürüncü qəpik-quruşa satırlarmış.

Məlumata görə, Əsədullayevlərin valideynlərindən biri həmin qəbiristanlıqda dəfn edilibmiş. Onlar valideynlərini ziyarətə getmək adı ilə bürünc barelyefləri gözaltı edir, sonra qəbiristanlıqda adam olmayanda onları qırıb aparırlarmış.

Faktla bağlı araşdırma davam edir. Saxlanılan şəxslər sözügedən qəbiristanlıq ərazisindən 30-dək analoji oğurluq faktı üzrə şübhəli bilinirlər.