BAKI, 4 iyun — Sputnik. Bakıda daha bir güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Binəqədi rayonunda yerləşən Bakı Poladtökmə Zavodunun həyətində baş verib.
Hazırda əraziyə çoxlu sayda yanğınsöndürən və polis avtomobilləri cəlb olunub. Ətrafda insan sıxlığı yaşanır.
Zavodun həyətində fərdi evlər var ki, yanğın onlara da keçir. Ayrıca, yanğının ətrafdakı yaşayış evlərinə keçməsi təhlükəsi var. Yanğınsöndürmə briqadası yanğının qarşısını almağa çalışır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonunda, Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır: "Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək".