BAKI, 2 iyun — Sputnik. ABŞ-ın Templ Universitetindən Syuzen Pattersonun rəhbərlik etdiyi qrup bu qənaətə gəlib ki, infeksiyalar yaşlı insanlarda çox güclü bir immunitet reaksiyasına səbəb ola bilir, bu isə beyin sahəsinin işini pozur.
Sputnik Azərbaycanxarici mediaya istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, yaşlandıqca yaddaşımız heç də həmişə tədricən zəifləmir. Bir çox hallarda lap yaxın zamanlarda özünü yaxşı hiss edən yaşlı adamlar ağır infeksion xəstəlikdən sonra dərhal aydın düşünmək qabiliyyətlərini itirirlər və hallüsinasiyalara qapılırlar.
Bu cür hallar isə Alsheymer və Parkinson xəstəlikləri kimi adi qocalmanın "klassik" patologiyalarından daha pisdir. Tədqiqatçılar bu boşluğu mümkün qədər doldurmağa qərar veriblər.
Siçovullar üzərində genetik xətt üzrə aparılan eksperiment nəticəsində məlum olub ki, koqnitiv pozuntular adətən cavanlıqda deyil, qocalıqda daha aydın şəkildə özünü biruzə verir. Eksperimentlər 3 aylıq və 2 illik gəmiricilər arasında keçirilib. İki il siçovullar üçün qocalıq dövrü sayılır.
İnfeksiyalar yaşlı gəmiriciləri demək olar ki, dəli edib. Onlar labirintdən çıxmaq qabiliyyətlərini itiriblər, divara dəyiblər və özlərini tamamilə qəribə aparıblar.
Belə vəziyyət 8 gündən 14 günədək davam edib. Alimlərin fikrincə, bu hal çox güclü immun cavabdır. Biokimyəvi reaksiyaların kompleks zənciri beynin neyrotrofik amil səviyyəsində azalmasına gətirib çıxarıb. Bu, zülalın sinir sisteminin funksiyasında vacib rol oynadığının təsdiqidir. Xüsusilə, qısa müddətli xatirələri uzunmüddətli xatirələrə çevirmək üçün hipokampa (beynin insan hafizəsini formalaşdıran hissəsi) ehtiyac var.
Əslində bu proteinin olmaması yeni neyronlararası əlaqələrin normal formalaşmasına mane olur.
Gənc gəmiricilərdə də bu maddənin azalması müşahidə edilir, amma onlar elə də güclü və qısamüddətli deyil. Artıq bir sutkadan sonra hər şey qaydasına düşür.
Yaşlı siçovullarda da psixi funksiyalar zamanla bərpa olunur. Araşdırma zamanı hipokampda bərpası mümkün olmayan dəyişikliklər ortaya çıxıb. Yəqin ki, bu cür transformasiya infeksiyaya məruz qalan yaşlı insanların baş beynində qocalma riskini artırır.
Müəlliflər ümid edirlər ki, perspektivdə onların araşdırmaları infeksiyaların arzuolunmaz nəticələrə gətirib çıxarmasının və beynin funksiyasını pozmasının qarşısını alan dərmanları hazırlamağa imkan verəcək.