HADİSƏ

Təbii fəlakət Azərbaycanın əsas yollarından birini iflic etdi: Minlərlə maşın yolda qaldı

Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
Sputnik

BAKI, 2 iyun — Sputnik. İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

APA-nın xəbərinə görə, Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Bu gün saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb. Hazırda sel axını davam edir və avtomobil körpüsü çökmək təhlükəsi ilə üzləşib. Artıq körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Körpünü üstündəki asfalt qatında iri çatlar əmələ gəlib.

1 / 5
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
2 / 5
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
3 / 5
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
4 / 5
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
5 / 5
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.

Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb. Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür.