BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Biosfer" İctimai Birliyi tərəfindən icra olunan "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində may ayının 31-də ilk təlim keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təlim Nizami rayonu Kamil Əliyev adına 61 saylı orta məktəbdə baş tutub.
Layihənin təlimçilərindən Səbinə Novruzzadə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə iştirakçıları təbrik etdi. Bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün, eləcə də digər aztəminatlı ailələrdən olan gənclər üçün seminarlar təşkil etməklə onların şəxsi inkişafının vacib olduğunu göstərmək, eləcə də həmin gənclərin liderlik bacarıqlarını gücləndirməkdir.
"Məqsədimiz, eyni zamanda, onların sağlam vətəndaş olmalarına töhfə vermək və bunun üçün qeyri-formal təhsildən yararlanmalarını təmin etməkdir. Əldə olunan qeyri-formal təhsil bilikləri həmin uşaqların şəxsi inkişafında və həyatında onlara bələdçilik edəcək" – deyə S.Novruzzadə vurğuladı.
Digər təlimçi Təranə Cəlilzadə diqqətə çatdırdı ki, bu yaşlardan uşaq və yeniyetmələrin həyata hazırlanması onların gələcək fəaliyyətləri üçün çox vacibdir.
Digər tədbir iştirakçıları da qeyd etdilər ki, bu gün ölkəmizdə qaçqın və məcburi köçkün, eləcə də aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət göstərilir. "Məhz bunun təzahürüdür ki, ölkədə və ölkədən kənarda baş tutan olimpiyadalarda, idman yarışlarında, qlobal forumlarda biz həmin gənclərimizin aktivliyini müşahidə edirik" – deyə onlar bildirdilər.
Təlimə 35-dən artıq uşaq cəlb olunub. Tədbir boyu uşaqlara ən müxtəlif məzmun və mövzularda bilgilər verilib, vərdişlər aşılanıb. Sonda uşaqlara hədiyyələr təqdim olundu, xatirə şəkili çəkdirilib.